Ukrayna Rusiya donanamasına yeni zərbələr endirdiyini bəyan edib.
Alyans.media xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Sevastopola endirilən zərbə zamanı Rusiyanın Qara dəniz donanmasına məxsus iki böyük desant gəmisinin sıradan çıxarıldığını bəyan edib.
Ukrayna tərəfinin məlumatına görə, söhbət 775 layihəli “Yamal” və 1171 layihəli “Nikolay Filçenkov” desant gəmilərindən gedir. Bildirilir ki, hücum zamanı hər iki gəmi Sevastopol buxtasında dayanmış vəziyyətdə olub.
GUR-un açıqlamasında qeyd edilir ki, 112 metr uzunluğunda “Yamal” gəmisi 1988-ci ildə istismara verilib və dəyəri 80 milyon dollardan çoxdur. Gəmi 500 tona qədər yük, o cümlədən zirehli texnika və təxminən 100 nəfər şəxsi heyət daşıya bilir.
“Yamal”ın silahlanmasına “Qrad-M” yaylım atəş sistemi, “Strela-2” zenit-raket kompleksi, eləcə də AK-725 tipli 57 mm-lik artilleriya qurğuları daxildir.
Digər hədəf olan “Nikolay Filçenkov” isə 1975-ci ildə istifadəyə verilib. Onun yükdaşıma qabiliyyəti 1000 ton, təxmini dəyəri isə 70 milyon dollar kimi qiymətləndirilir.
Ukrayna kəşfiyyatı vurğulayıb ki, hər iki gəmi Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə istifadə olunurdu.
Bundan əlavə, əməliyyat zamanı “Podlyot-K1” radiolokasiya stansiyasının da məhv edildiyi bildirilir. Həmin sistemin dəyərinin təxminən 5 milyon dollar olduğu qeyd olunur.
Ukrayna tərəfi hücumun kamikadze dronlarla həyata keçirildiyini və hədəflərin vurulma anlarını əks etdirən videonu da yayıb.
Rusiya tərəfi isə hələlik bu məlumatlara rəsmi münasibət bildirməyib.










