Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman ölkəsinin Azərbaycanla müntəzəm məsləhətləşmələr aparmağı təklif etdiyini bildirib.
Alyans.media Reporta istinadən xəbər verir ki, nazir açıqlamasında qeyd edib ki, Banqladeş Azərbaycanla ikitərəfli münasibətləri daha sistemli və strukturlaşdırılmış şəkildə inkişaf etdirmək niyyətindədir.
“Bu məqsədlə xarici işlər nazirliklərimiz arasında müntəzəm məsləhətləşmələr təklif edirik. Bu mexanizm bir çox ölkə ilə tətbiq etdiyimiz effektiv əməkdaşlıq formatıdır və qarşılıqlı münasibətləri hərtərəfli nəzərdən keçirməyə, əməkdaşlığın prioritet sahələrini müəyyən etməyə və koordinasiyanı gücləndirməyə imkan verir”, – deyə o bildirib.
Rəhman izah etdi ki, vəzifədə iki aydır ki, çalışır və qarşılaşdığı ilk problemlərdən biri İranda yaşayan Banqladeş vətəndaşlarının Bakı vasitəsilə geri qayıtması olub.
O, əlavə edib ki, “Bu prosesdə göstərilən əhəmiyyətli dəstəyə görə Azərbaycan hökumətinə səmimi qəlbdən təşəkkür edirik”.
Nazir həmçinin həm Azərbaycanda, həm də Banqladeşdə səfirliklərin açılmasının vacibliyini vurğuladı: “Bu addım diplomatik münasibətləri gücləndirəcək, insanlararası əlaqələri genişləndirəcək, ticarət əlaqələrini inkişaf etdirəcək və ümumi əməkdaşlığı dərinləşdirəcək. Həmçinin gələcək müzakirələrimizə viza tələblərinin sadələşdirilməsi və ya aradan qaldırılması məsələsini də daxil etməyi planlaşdırırıq.”










