Azərbaycan mediası yeni mərhələyə qədəm qoyur – bu mərhələdə söz sahibi olmaq üçün təkcə yazmaq yox, məsuliyyət daşımaq da şərtə çevrilir. Jurnalist, Azxeber.com saytının rəhbəri Hacıbəy Heydərli bu barədə Aynurə Quliyevanın təqdimatında yayımlanan ‘’Günün axarı’’ verilişində danışıb.
Alyans.media xəbər verir ki, onun sözlərinə görə, ölkədə televiziya məkanı və milli musiqinin təbliği sahəsində mühüm inkişaf müşahidə olunur. Muğamın və milli dəyərlərin tanıdılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlər artıq öz bəhrəsini verir. Bu prosesdə medianın üzərinə də xüsusi məsuliyyət düşür – bu dəyərləri qorumaq və cəmiyyətə düzgün şəkildə çatdırmaq.
Hacıbəy Heydərli vurğulayıb ki, müasir dövrdə jurnalist olmaq anlayışı daha konkret çərçivələrə salınıb. Onun fikrincə, yalnız rəsmi media qurumu ilə əməkdaşlıq edən və müqavilə əsasında fəaliyyət göstərən şəxslər jurnalist hesab olunmalıdır: “Sadəcə sosial şəbəkədə səhifə açmaq jurnalist olmaq demək deyil. Jurnalistikanın prinsipləri, qaydaları və məsuliyyəti var.”
O, əlavə edib ki, hər kəsin informasiya paylaşmaq hüququ var, lakin bu azadlıq peşəkar jurnalistika ilə eyniləşdirilməməlidir. Məhz bu səbəbdən Azərbaycan mediasında hazırda müəyyən “ələnmə prosesi” gedir.
Ekspertin fikrincə, həyata keçirilən media islahatları sahənin sağlamlaşmasına, keyfiyyətin artmasına və peşəkar jurnalistikanın güclənməsinə xidmət edir. Bu isə informasiya məkanında daha etibarlı və məsuliyyətli sözün formalaşmasına yol açır.










