Gəncədə anası tərəfindən imtina olunan 40 günlük körpənin vəziyyəti açıqlanıb.
Bildirilib ki, fevralın 10-u saat 12:35 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə hospitalizasiya olunub.
Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu təyin olunub. Hazırda körpənin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, anası 40 günlük körpəni Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini deyərək körpələr evinə verilməsini istəyib.
***
“Anası tərəfindən imtina olunan uşaq Körpələr evinə yerləşdiriləcək”.
Alyans.media xəbər verir ki, bu barədə ‘’Qafqazinfo’’nun sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
O qeyd edib ki, hazırda məsələ nəzarətdə saxlanılır: “Gəncədə uşağından imtina edən ana ilə Sosial Xidmətlər Agentliyinin əməkdaşları görüşüb. Ona iş təklif olunub, lakin qadın razılaşmayıb.
Hazırda körpənin ümumi vəziyyəti yaxşıdır. Bir müddətdən sonra Körpələr evinə yerləşdiriləcək. Məsələ Komitə tərəfindən nəzarətdə saxlanılır”.










