“Alyans.media”nin redaksiyasına müraciət edən Mustafayeva Sevil 2022-ci ildə “Arash Estetik” klinikasında stomatoloq Sənan Xankişiyevin qəbulunda olduğunu bildirir.
Onun sözlərinə görə, ilkin olaraq diş müayinəsi üçün klinikaya müraciət edib. Müraciət zamanı həkim tərəfindən dişinin çıxarılması və yerinə implant qoyulmasının vacib olduğu bildirilib.
Növbəti gün yenidən müayinəyə gələn pasiyentə alt çənəsində bədxassəli şiş olduğu deyilib. Sevil Mustafayevanın iddiasına görə, stomatoloq Sənan Xankişiyev ona belə deyib: “Onsuz da alt çənəndə bədxassəli şiş var. Gəl çənə sümüyündən kəsək və biopsiya üçün göndərək.” Şikayətçinin sözlərinə görə, həmin proses zamanı həkim bir neçə sağlam dişini də “kista var” adı ilə çıxarıb.
Lakin sonradan aparılan müayinələr nəticəsində məlum olub ki, Sevil Mustafayevada bədxassəli şiş olmayıb və ona yanlış diaqnoz qoyulub. Əslində pasiyentdə çənə iltihabı olduğu bildirilib.
Şikayətçi iddia edir ki, bütün tibbi prosedurlar qanunsuz şəkildə icra olunub və qoyulan implant onun sinirlərini zədələyib. Nəticədə o, çənəsinin və ağız nahiyəsinin bir hissəsində hissiyyatı itirib. Sonradan rentgen və tibbi müayinələr zamanı ona bildirilib ki, implant düzgün yerləşdirilməyib və sinir kanalının daxilindədir. Qeyd olunur ki, bu zədənin bərpası mümkün deyil.
Sevil Mustafayeva bildirir ki, məsələ ilə bağlı ekspertizadan keçib, lakin ekspert rəyinin onun əleyhinə verildiyini və bunun ədalətsiz olduğunu iddia edir. Onun sözlərinə görə, stomatoloq Sənan Xankişiyev tanışlıq münasibətlərindən istifadə edərək rentgen diskini və digər tibbi sənədləri nə ekspertizaya, nə də pasiyentə təqdim etmir. İddialara görə, sonuncu ekspert həkimlə Sənan Xankişiyev arasında yaxın dostluq münasibətləri mövcuddur.
Şikayətçi daha bir maraqlı məqamı da diqqətə çatdırır. Onun iddiasına görə, Sənan Xankişiyev tərəfindən ona təqdim olunan sənəd saxta tarixlidir. Belə ki, sənəd 2021-ci ilə aid göstərilsə də, Sevil Mustafayeva həmin ildə nə bu həkimi tanıdığını, nə də “Arash Estetik” klinikasına müraciət etdiyini bildirir və bunu sübut edə biləcəyini deyir.
Şikayətçinin sözlərinə görə, yanlış diaqnoz və təqdim edilən sənədlər nəticəsində onun sinir sisteminə ciddi zərər dəyib və qidalanmasında ciddi problemlər yaranıb.
Sevil Mustafayeva bildirir ki, bu müalicə prosesi üçün ümumilikdə 13 min manatdan artıq vəsait xərcləyib. O, Sənan Xankişiyevdən ödədiyi məbləğin ən azı yarısının geri qaytarılmasını tələb etsə də, həkimdən “Artıq sənəd imzalamısan, bizdə pul geri qaytarılmır” cavabını aldığını deyir.
Qeyd edək ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi tərəfindən “Arash Estetik” klinikasında plandankənar yoxlama aparılıb. Yoxlama zamanı klinikada tanınmış həkim Sənan Xankişiyevin sertifikatsız stomatologiya ixtisası üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
Nazirlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozduğuna görə klinika barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə “Arash Estetik” klinikası 6 000 manat məbləğində cərimələnib.
Mövzunu diqqətdə saxlayacağıq. ✍🏻










