Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsində diqqətçəkən dəyişiklik qeydə alınıb. Belə ki, 2026-cı ilin yanvar ayında ölkəmiz Türkiyədən 141,833 milyon ABŞ dolları dəyərində mal idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz azalma deməkdir. Rəqəmlər iki ölkə arasındakı iqtisadi əlaqələrin davam etdiyini göstərsə də, idxal xərclərindəki bu azalma bazarda yeni tendensiyaların formalaşdığını ortaya qoyur. Qiymət artımları, alternativ bazarlara yönəlmə və daxili istehsalın payının artması kimi amillər bu dinamikanın əsas səbəbləri kimi qiymətləndirilir. İdxaldakı 11 %-lik azalma daxili bazarda hansı struktur dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Alyans.media-ya açıqlama verib. O bildirin ki, Türkiyədə ciddi inflyasiya müşahidə olunur: ‘’Bu isə Türkiyədən idxal edilən məhsulların qiymətinin artmasına səbəb olur. Əvvəllər daha ucuz olduğu üçün üstünlük verilən məhsullar indi baha başa gəldiyindən, əhali alış istiqamətini dəyişməyə başlayıb. Hazırda istehlakçılar alternativ bazarlara yönəlir, məsələn Çin məhsullarına üstünlük verirlər. Əvvəllər geniş istifadə olunan onlayn platformalar – məsələn, Trendyol – artıq əvvəlki qədər cəlbedici görünmür. Qiymət artımı fonunda vətəndaşlar daha sərfəli seçimlər axtarır’’.
Ekspert vurğulayıb ki, nəticədə alış həcmi azalır və bazarda istiqamət dəyişikliyi baş verir: ‘’Bu proses müəyyən mənada müsbət də qiymətləndirilə bilər. Əgər vətəndaş tələbatını daha ucuz şəkildə ödəyə bilirsə, bu, onun üçün sərfəlidir. Digər tərəfdən, belə bir vəziyyət yerli istehsalın inkişafı üçün də imkan yarada bilər. İstehlakçılar xarici bazarlardan asılılığı azaltmaqla yerli brendlərə üstünlük versələr, daxili istehsalın güclənməsi mümkündür. Əks halda isə sadəcə bir bazardan digərinə yönəlmə baş verəcək – Türkiyədən alınan məhsulların yerini Çin və digər ölkələrin məhsulları tutacaq ki, bu da ümumi iqtisadi mənzərədə ciddi dəyişiklik yaratmayacaq’’.











