Azərbaycan təhsil sistemində bəzən elə kadr sıçrayışlarına rast gəlirik ki, bu uğurun məntiqi və pedaqoji izahını tapmaq qeyri-mümkün olur. Bu günlərdə diqqət mərkəzində olan şəxslərdən biri də BŞTİ-nin müdir müavini postuna yerləşdirilmiş Turanə Məcidlidir. Onun cəmi 10-12 illik karyera yoluna nəzər saldıqda, sıravi müəllimlikdən BŞTİ rəhbərliyinə qədər uzanan “möcüzəvi” yüksəlişi bir çox sualları gündəmə gətirir.
Turanə Məcidlinin bioqrafiyasını gəlin birlikdə analiz edək:
Qaradağ rayonu 106 saylı məktəbdə sıravi müəllimlikdən başlayaraq;
106 nömrəli məktəbdə direktor müavini;
Ardınca Bakı şəhəri 2 nömrəli Texniki-humanitar liseyin direktoru;
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Ümumi təhsilin təşkili sektorunun müdiri;
Və 8 ay sonra BŞTİ-nin müdir müavini!
Tehsilmedia.info bildirir ki, 10 ilə bu qədər “uğurlu” yol qət edən Turanə xanım yəqin qısa müddətdə BŞTİ rəhbəri Nərminə xanımın yerinə keçər, sonra da MÜTDA rəhbəri kimi fəaliyyət göstərər.
Qısa müddətdə bu qədər strateji vəzifələri dəyişmək hansı müstəsna idarəçilik qabiliyyətinin nəticəsidir? Yoxsa təhsil sistemində vəzifələr peşəkarlığa deyil, “görünməz əllərin” uzatdığı siyahılara görə paylanır?
İddia olunur ki, bu sürətli yüksəlişin səbəblərinə işıq tutunlar var. Bildirilir ki, Turanə Məcidlinin bu sıçrayışlı yüksəliş yolunda paytaxtın icra hakimiyyəti strukturlarından gələn dəstək — Eldar Əzizov faktoru mühüm rol oynayır. Lakin məsələ bununla bitmir.
Ən maraqlı məqam isə qohumluq tellərinin haraya uzanmasıdır. Məcidlinin qaynatası Məhəbbət Kazımovun “köhnə qvardiyanın” əsas simalarından olan Ramiz Mehdiyevin kadrı olduğu qeyd edilir. Görünür, təhsildə “modernləşmə” və “islahat” şüarları altında hələ də köhnə sistemin — maraqlarının və tapşırıq mexanizminin prinsipləri işləyir.
Maraqlıdır ki, Turanə Məcidlinin qaynanası Tərminə Əsədova da hazırda Bakı şəhərindəki ən böyük məktəblərdən biri olan Bakı İdman Liseyinin direktorudur. Tərminə Əsədovanın bacısı Təhminə xanım da uzun illər Bakı şəhəri 49 nömrəli İntellekt liseyinin direktoru olub. Bu bacılar Ramiz Mehdiyevin kadrı olan, Təhsil Nazirinin keçmiş müavini Məhəbbət Vəliyevanın can bir rəfiqələri kimi tanınırlar. Bu sektanın ciddi maraq qarşılığında məktəb direktoru təyinatları hamıya bəllidir. Görünən odur ki, Mehdiyev-Vəliyeva dəstəsi bu gün də Turanə Məcidlinin vasitəsilə kadr siyasətlərini davam etdirirlər.
Dəstəklə öz boyundan yüksəyə qaldırılan Turanə Məcidli təhsil cameəsində nazir müavini Həsən Həsənlinin adından istifadə etsə də, cidanı çuvalda gizlədə bilmir. Mehdiyev-Vəliyeva cütlüyünün quyruğu aydın görünür. Onların əl kuklası olan, Əzizovun dəstəyi ilə ildırımsürətli yüksəliş dövrünü yaşayan Turanə Məcidli təsadüfi deyil ki, yaxın çevrəsinə təhsildə heç kimlə hesablaşmadığını söyləyir. Beşinci kolonun gücünü və strategiyasını nə bilmişdiniz.









