Son çarəni Alyans.media – ya müraciət etməkdə görən Binəqədi rayonu, Biləcəri qəsəbəsi sakini artıq 4 aya yaxındır çirkab su problemi ilə üz-üzə olduqlarını bildirib. Onun sözlərinə görə, dekabrın 13-də problemi Xəzər TV işıqlandırsa da, bu günə kimi heç bir irəliləyiş olmayıb.
Vətəndaş bildirir ki, bir vaxtlar çəkilmiş kanalizasiya xətti sıradan çıxıb və bu səbəbdən çirkab sular birbaşa həyətlərə axır. Müraciətlər isə cavabsız qalır:
“Binəqədi Rayon İcra Hakimiyyətinə, Biləcəri bələdiyyəsinə, ‘Azərsu’ ASC-nin Binəqədi bölməsinə, 955 çağrı mərkəzinə dəfələrlə müraciət etmişik. Gəlib baxırlar, amma nəticə yoxdur. Azərsu-nun baş mühəndisi mənə deyir ki, iki boru al, özün çək düzəlt! Bu, çirkab su xəttidir, bu işi mən necə görüm? Gərək qurumun özü bu problemi aradan qaldırsın”.
Sakin onu da əlavə edir ki, ərazidə üfunət və antisanitariya hökm sürür, vəziyyət həm sağlamlıq, həm də ekoloji baxımdan təhlükəlidir. Hətta xərc tələb olunarsa belə, ödəməyə razı olduğunu qeyd edən vətəndaş yalnız bir şey istəyir: problemin birdəfəlik həlli.
Sonda sakin aidiyyəti qurumlardan – xüsusilə Azərsu ASC-dən – məsələyə biganə yanaşmamağı, texniki baxış keçirməklə problemin operativ və düzgün həllini tələb edir.
Biz də Alyans.media olaraq məsələni diqqətdə saxlayacaq və aidiyyəti qurumlardan cavab gözləyirik.










