Cəlilabad rayonunun Xanəgah kəndində qaz və içməli su problemi sakinlərin gündəlik həyatını çətinləşdirir.
Alyans.media xəbər verir.
Bu barədə “Report”un Muğan bürosuna kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, kəndin təbii qazla təmin olunmaması yalnız qışda deyil, digər fəsillərdə də əhalinin məişətinə təsirsiz ötüşmür. İstilik probleminin həlli üçün bir kub metri 25-30 manata satılan odundan istifadə isə sakinlərin büdcəsinə əlavə yük olur.
Bildiriblər ki, qış mövsümündə bir ailənin oduna tələbatı təqribən 30-35 kub metrdir (750-1000 manat). Bu isə kənddəki ailələrin hamısının maddi imkanına uyğun deyil. Belə olduqda, onlar həyətyanı sahələrdəki ağacları kəsmək məcburiyyətində qalırlar.
Lakin Xanəgahın həllini gözləyən problemi təbii qazla məhdudlaşmır. Cəlilabadın rayon mərkəzindən 30 kilometr məsafədə yerləşən bu yaşayış məntəqəsində həm də içməli su qıtlığı yaşanır. Sakinlər bildiriblər ki, kənddə mərkəzləşdirilmiş içməli su xətti olmadığından suyu pulla almalı olurlar. Hazırda 2 ton suyun qiyməti 30 manatdır və bu da yalnız qısa müddətə kifayət edir. Xanəgahda müşahidə olunan bu problemlər artıq bəzi sakinləri kəndi tərk etmək barədə düşünmək həddinə çatdırıb.
Kəndin qaz problemi ilə bağlı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsindən “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə qazlaşmayan məntəqələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması qurumun gündəliyindəki məsələlər sırasındadır:
“Qazlaşma proqramı Birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Cəlilabad rayonunun Xanəgah kəndinə gəldikdə isə bu yaşayış məntəqəsinə küçə qaz xətlərinin çəkilişi işlərinə növbəti mərhələlərdə baxıla bilər”.
Xanəgah bələdiyyəsindən isə “Report”un sorğusuna verilən cavabda kənddə içməli su çatışmazlığı ilə bağlı məlumatlı olduqları qeyd edilib:
“Kənd dağlıq zonada yerləşdiyi üçün digər ərazidən buraya içməli su xəttinin çəkilməsi çətindir. Amma maliyyə vəsaiti olan kimi kənd ərazisində subartezian quyusu qazılacaq”.










