Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda regionda vəziyyət daha da kəskinləşib. Martın 5-də İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları Azərbaycanın Naxçıvan Muxtar Respublikasını hədəfə alıb. Zərbələrdən biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına düşüb, nəticədə infrastruktura ziyan dəyib və iki nəfərin yaralandığı bildirilir. Hadisə regionda təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.
Alyans.media xəbər verir ki, mövzuya Milli Məclisin deputatı Ceyhun Məmmədov rəy verib. O bildirib ki, əslində, İran tərəfinin belə bir addım atması onun nankorluğunun və riyakarlığının açıq göstəricisidir: ‘’Azərbaycan isə hər zaman İranla münasibətlərin qorunmasına xüsusi önəm verib, dostluq və qonşuluq prinsiplərinə sadiq qalıb. Son günlər Prezidentin İran Prezidentinə başsağlığı verməsi, həmçinin İran səfirliyinə gedərək başsağlığı bildirməsi də bunun bariz nümunəsidir. Bütün risklərə baxmayaraq, dünyada İranın təcrid olunduğu bir vaxtda Azərbaycan öz mövqeyini ortaya qoydu və humanist münasibət sərgilədi. Lakin İran tərəfi bütün bunları nəzərə almadan Azərbaycana qarşı təxribat xarakterli addım atdı. Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisi heç vaxt İrana qarşı istifadə olunmayıb və istifadə olunmayacaq. Bu mesaj İran tərəfinə dəfələrlə çatdırılıb. Prezidentin İranın ali rəhbərinin vəfatı ilə bağlı başsağlığı verməsi, səfirliyi ziyarət etməsi və yüksək səviyyəli nümayəndə heyətinin İrana göndərilməsi də Azərbaycanın bu məsələdə nə qədər həssas və səmimi mövqedə olduğunu göstərir’’.
Deputat vurğulayıb ki, Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib: ‘’Əksinə, hər zaman qonşularına dəstək olub və çətin anlarda onların yanında dayanıb. Belə bir şəraitdə İran tərəfinin Naxçıvan hava limanını hədəfə alması – hansı ki, mülki vətəndaşların istifadə etdiyi bir obyektdir – qəbuledilməzdir. Mülki əhalinin yaşadığı ərazilərin və infrastrukturların hədəfə alınması açıq şəkildə terror aktı kimi qiymətləndirilməlidir. Bu addım eyni zamanda acizlik və qorxaqlığın göstəricisidir. Azərbaycan isə hər zaman prinsipial mövqedə olub. Tarix də göstərir ki, Azərbaycana qarşı hücum edənlər sonda peşman olublar. İran da bu addımının nəticələrini anlayacaq. Təəssüf ki, İran Azərbaycan tərəfindən göstərilən xoş niyyəti və səmimi münasibəti düzgün qiymətləndirmədi və belə bir təxribatçı addım atdı. Bu isə regionda sabitlik və qarşılıqlı hörmət prinsiplərinə zidd bir davranışdır’’.
Sevinc Yarməmmədova










