Paytaxtda fəaliyyət göstərən “Parfum de El” mağazası ilə bağlı növbəti narazılıq gündəmə gəlib. Alıcı iddia edir ki, eyni ətiri qısa müddət ərzində iki dəfə almasına baxmayaraq, məhsullar arasında ciddi keyfiyyət fərqi müşahidə olunub.
Bu barədə Alyans.media-nın qaynar xəttinə şikayət daxil olub. Şikayətçi bildirir ki, üç gün əvvəl mağazadan aldığı ətirin qalıcılığı və yayılması onu qane etdiyi üçün eyni məhsulu bir daha – bu dəfə çatdırılma vasitəsilə sifariş edib. Lakin ikinci dəfə təqdim olunan ətirin əvvəlki ilə heç bir uyğunluq təşkil etmədiyi iddia olunur.
“Ətirin nə qalıcılığı var, nə də qoxusu yayılır. Halbuki ilk aldığımız məhsul tam fərqli idi və çox keyfiyyətli idi”, – deyə alıcı qeyd edir.
Onun sözlərinə görə, məhsulun barkodu yoxlanıldıqda da ətirin orijinallığı təsdiqlənməyib. Məsələ ilə bağlı mağaza əməkdaşlarına müraciət edilsə də, müştəriyə hər hansı dəstək göstərilməyib.
“Baş satıcı müdiriyyətlə əlaqə yaratmaqda bizə kömək etmədi. Özümüz əlaqə nömrəsi tapıb yazdıq, lakin cavab bizi qane etmədi. Telefonu işçiyə yönləndirdilər və məsuliyyəti üzərindən atdılar”, – deyə şikayətçi vurğulayır.
Mağaza tərəfindən verilən açıqlamada isə ətirin qalıcılığına görə məsuliyyət daşımadıqları bildirilib və məhsulun “seriya fərqi” ilə izah olunmağa çalışıldığı qeyd olunur.
Alıcı hesab edir ki, bu cür yanaşma digər müştərilərin də eyni problemlə qarşılaşmasına səbəb ola bilər və məsələ ilə bağlı ictimaiyyətin məlumatlandırılması vacibdir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.










