AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli alim və ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi keçirilir.
Alyans.media AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın zəngin həyat və elmi fəaliyyətini əks etdirən “Zərifə Əziz qızı Əliyeva” biblioqrafik göstərici, “Oftalmologiyanın aktual problemləri”, “Qaranlığa nur saçan zəka” üç dildə, “Pedaqogika”, “Zərifənin möcüzələri”, “Yüksək əqidə”, həmçinin görkəmli akademikin tədqiqatlarından ibarət çoxcildlik, yubileylərinə həsr olunmuş beynəlxalq elmi konfransların materiallar toplusu və başqa dəyərli nəşrlər nümayiş etdirilir.
Bundan əlavə, Zәrifә xanımın Ümummilli Lider Heydәr Əliyevin hәyatındakı rolundan bəhs edən “Heydər Əliyev”, “Zərifə xanım Əliyeva”, “İstedadlar ocağı”, “Əbədiyaşar məhəbbət” və digər nəşrlər sərgidə yer alıb. Alimin həmmüəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” adlı elmi əsərin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi tərəfindən əlavələrlə birlikdə ilk dəfə ingilis dilinə tərcümə edilərək yeni tərtibatda nəşr olunmuş variantı da sərgidə layiqli yerini tutub.
Nəşrlərdə akademik Zərifə Əliyevanın Azәrbaycanda oftalmologiya elminin inkişafında müstәsna xidmәtlәrindən, tibb elminə gətirdiyi yeniliklərdən, traxoma xəstəliklərinin Azərbaycanda kütləvi yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən təşəbbüslərdən, illәr boyu apardığı müşahidәlәrdən, klinik tәdqiqatların vә tәcrübәlәrin nәticәlәrindən, eləcə də yüksәkixtisaslı kadrların hazırlanmasında böyük әmәyindən bəhs olunur.
Sərgi iki həftə müddətində davam edəcək. Nümayiş olunan ədəbiyyatla kitabxananın saytındakı elektron kitabxana bölməsində onlayn şəkildə tanış olmaq mümkündür.










