NATO öz kəşfiyyat aviasiya parkını yeniləyərək ABŞ istehsalı olan sistemlərdən asılılığı azaltmağı planlaşdırır.
Alyans.media xəbər verir ki, bu barədə DPA agentliyi alyansdakı mənbələrə istinadən məlumat yayıb.
Söhbət hazırda istifadə olunan AWACS sisteminin mərhələli şəkildə əvəzlənməsindən gedir. Bu təyyarələr “Boeing 707” platforması üzərində qurulub və bəzi nümunələri 40 ilə yaxın yaşı olan köhnəlmiş texnika hesab olunur. Onlar, xüsusilə Şərqi Avropada hava məkanına nəzarət üçün istifadə edilir.
Yeni planlara əsasən, NATO flotu Kanada istehsalı “Bombardier” təyyarələri və İsveçin “Saab” şirkətinin “GlobalEye” erkən xəbərdarlıq sistemləri ilə təchiz olunacaq.
Məlumata görə, alyans 12-yə qədər “Global 6000” və ya “Global 6500” təyyarəsi sifariş etməyi nəzərdən keçirir. Layihənin ümumi dəyəri bir neçə milyard dollar ola bilər. Son qərarın iyul ayında Ankarada keçiriləcək NATO sammitində verilməsi gözlənilir.
Daha əvvəl NATO ABŞ istehsalı “Boeing E-7A Wedgetail” təyyarələrini almağı planlaşdırsa da, ABŞ-ın proqramdan çıxması səbəbilə bu plan ləğv edilib. Məlumata görə, yeni layihənin maliyyələşdirilməsində ən böyük payı Almaniya götürə bilər.
Son günlər ABŞ prezidenti Donald Tramp NATO ilə bağlı sərt açıqlamalar verərək alyansı “kağız pələngi” adlandırıb və ABŞ-ın təşkilatdan çıxma ehtimalını istisna etməyib. Eyni zamanda ABŞ və Avropa ölkələri arasında, xüsusilə Yaxın Şərqdəki münaqişələr və Ukrayna müharibəsinə yanaşma ilə bağlı fikir ayrılıqları artır.
///Qaynarinfo










