Son illərdə avtomobil sənayesində sakit, amma çox güclü bir inqilab baş verir. Söhbət elektrikli avtomobillərdən gedir. Bir vaxtlar gələcəyin texnologiyası kimi görünən bu nəqliyyat vasitələri artıq bu günün reallığına çevrilib. Dünyanın aparıcı iqtisadi mərkəzləri- Avropa Birliyi, Çin, ABŞ, və Yaponiya elektrikli avtomobillərin istehsalı və istifadəsini sürətlə artırmaq üçün ciddi addımlar atır. Dövlət dəstəyi, texnoloji inkişaf və ekoloji çağırışlar bu prosesi daha da sürətləndirir. Bəs bu sürətli yayılmanın arxasında hansı əsas səbəblər dayanır? Elektrikli avtomobillərin artması ənənəvi benzin və dizel bazarına necə təsir edir? Və ən əsası – bu texnologiyanın üstünlükləri ilə yanaşı, hansı risk və çatışmazlıqları var?
Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənova açıqlama verib. O bildirib ki, yeni texnologiyaların tətbiqi avtomobil sənayesində əsasən səmərəliliyin artırılmasına və məhdud resurslardan daha effektiv istifadəyə yönəlib: ‘’Bu proses eyni zamanda xərclərin optimallaşdırılması, avtomobillərin daha əlçatan olması və nəticədə daha geniş istehlakçı kütləsinə çıxış imkanlarının yaradılmasını hədəfləyir. Bununla yanaşı, dövlətlərin də bu istiqamətdə mühüm strateji məqsədləri mövcuddur. Əsas hədəflərdən biri enerji tələbatının şaxələndirilməsidir. Ənənəvi yanacaq növləri ilə işləyən avtomobillər bir çox hallarda ölkələri xarici resurslardan asılı vəziyyətə salır. Son dövrlərdə baş verən hadisələr – regiondakı gərginliklər, Hörmüz boğazı ətrafında risklər, neft qiymətlərinin kəskin dəyişməsi – bu asılılığın nə qədər kritik olduğunu bir daha göstərdi. Bu isə həm ailə büdcəsinə, həm biznesə, həm də ümumi iqtisadi sabitliyə ciddi təsir edir. Digər mühüm çağırış isə ekoloji tarazlığın qorunmasıdır. Son 60–70 ildə atmosferə zərərin azaldılması, dayanıqlı iqtisadiyyatın qurulması və ətraf mühitin mühafizəsi avtomobil sənayesinin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə həyata keçirilən strategiyalar ənənəvi yanacaqdan asılılığın azaldılması, alternativ enerji mənbələrinə keçid və hibrid-elektrik avtomobillərin genişləndirilməsi ilə bağlıdır. Məqsəd atmosferin çirklənməsinin qarşısını almaq və daha sağlam ekosistem yaratmaqdır’’.
İqtisadçı qeyd edib ki, bu dəyişikliklər ənənəvi yanacaq növlərinin gələcəyi ilə bağlı suallar doğurur: ‘’Neft və qaz kimi resurslar məhduddur və tükənəndir. Eyni zamanda enerji tələbatı sürətlə artır, dünyada avtomobillərin sayı isə kəskin şəkildə çoxalır. Hazırkı mərhələdə elektrik avtomobilləri hələ ki, ənənəvi yanacağa olan tələbatı ciddi şəkildə azaltmayıb. Lakin yaxın 5 il ərzində bu istiqamətdə dönüş nöqtəsinin yaranacağı gözlənilir. Artıq Avropa Birliyi, Çin, Yaponiya kimi böyük iqtisadi mərkəzlər bu sahədə konkret hədəflər müəyyən ediblər. Elektrik avtomobillərinin sayının artırılması və texnologiyanın sürətli inkişafı həm minik, həm də yük nəqliyyatında geniş tətbiq imkanları yaradır. Bununla belə, prosesin mənfi tərəfləri də mövcuddur. Elektrik avtomobillərində istifadə olunan batareyalar yeni təbii resursların istismarını artırır və onların tullantıları ekoloji risklər yaradır. Hazırda beynəlxalq tədqiqat mərkəzləri və texnologiya şirkətləri bu riskləri minimuma endirmək üçün müxtəlif həll yolları üzərində çalışırlar. Bu artıq başlanmış və qarşısı alınması mümkün olmayan bir prosesdir. Lakin bu o demək deyil ki, ənənəvi yanacaq növləri tamamilə sıradan çıxacaq. Neft və qaz təkcə avtomobil sənayesində deyil, plastik istehsalından gübrəyə qədər bir çox sahədə istifadə olunur. Nəticə etibarilə, avtomobil sektorunda ənənəvi yanacağa tələbat müəyyən qədər azalsa belə, digər sahələrdə artan tələbat bu resursların yaxın gələcəkdə əhəmiyyətini qoruyub saxlayacağını göstərir’’.
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Aslan Əsədov da öz fikirlərini bölüşüb. O bildirib ki, elektriklə işləyən avtomobillərin satışındakı artım innovasiyaya əsaslanan bir inkişaf modelinin nəticəsi kimi qiymətləndirilə bilər: ‘’Bu sahədə tətbiq olunan yeniliklər və əlçatan texnologiyalar bəzi iqtisadi sistemlər üçün xüsusilə cəlbedici görünür. Bu gün dünya ölkələri arasında elektrikli nəqliyyat vasitələrinin istehsalı, sifarişi və ümumilikdə dövriyyəsi sürətlə genişlənir. Xüsusilə ölkələrarası ticarətdə elektrik avtomobillərinin alqı-satqısı zamanı tətbiq olunan güzəştlər, gömrük rüsumlarının azaldılması, bəzi hallarda isə tamamilə ləğv edilməsi bu innovativ yanaşmanın birbaşa nəticəsidir. Başqa sözlə, bu proses innovasiyaya olan inamdan qaynaqlanır. İnsanlar və dövlətlər elektrikli nəqliyyatın daha perspektivli, davamlı və gələcəyə uyğun bir seçim olduğuna inanırlar’’.
Sevinc Yarməmmədova









