Soyuq hava şəraitinə baxmayaraq, gücümüzü göstərdik. Təəssüf ki, qızıl medal olmadı. Bununla belə, Azərbaycana ilk medalı qazandırdığım üçün şadam.
Alyans.media xəbər verir ki, bu sözləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026″ beynəlxalq reqatasında gümüş medal qazanan Əlimurad Hacızadə jurnalistlərə açıqlamasında deyib.
2008-2009-cu təvəllüdlü idmançıların mübarizəsində 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda 2-ci yeri tutan idmançı nəticəyə görə sevincli olduğunu bildirib: “Növbəti günlərdə daha yaxşı nəticələr qazanmağa çalışacağam”.
Qeyd edək ki, Azərbaycan Su İdman Növləri ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən “Prezident Kuboku”nda ölkəmizlə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Yarışın son 2 mərhələsi Mingəçevirdə keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.










