Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İranla mümkün sülh sazişinin əldə olunması üçün Avropa İttifaqının (Aİ) əsas şərtlərini bəyan edib.
Alyans.media xəbər verir ki, fon der Lyayen istənilən sülh razılaşmasının mütləq şəkildə İranın nüvə proqramı və ballistik raketlərin inkişafı ilə bağlı məsələləri əhatə etməli olduğunu vurğulayıb.
O qeyd edib ki, son yeddi həftə ərzində baş verən hadisələr nüvə silahına malik İranın dünya üçün nə dərəcədə real təhlükə yaratdığını sübut edib. Hazırda ABŞ və İran arasında əldə olunmuş atəşkəs rejiminin diplomatik yollarla qorunub saxlanılması üçün səylərin davam etdirildiyini bildirən komissiya rəhbəri, münaqişənin uzunmüddətli həllinə çağırıb.
Sülh şərtlərinin mühüm bəndlərindən biri kimi Hürmüz boğazında gəmiçilik təhlükəsizliyinin tam təmin olunması və hər hansı rüsum ödənilmədən sərbəst hərəkətin bərpası tələbi irəli sürülüb. Fon der Lyayen “təhlükəsizlik bölünməzdir” prinsipini xatırladaraq, Hürmüz boğazında bir ticarət gəmisinə yönəlmiş təhdidin birbaşa Avropadakı sənaye müəssisələrinə təhdid olduğunu bildirib.
Aİ rəsmisi həmçinin dron və raket istehsalının kütləvi artımına qarşı strukturlaşdırılmış müdafiə əməkdaşlığının qurulmasını təklif edib. Ekspertlər bu bəyanatı Avropanın İranla danışıqlarda daha fəal və sərt mövqe nümayiş etdirmək niyyəti kimi qiymətləndirirlər. Hazırda Brüssel həm Vaşinqton, həm də regional tərəfdaşlarla bu şərtlərin reallaşması istiqamətində məsləhətləşmələr aparır.










