İran Xarici İşlər Nazirliyinin müavini Səid Xatibzadə ABŞ və İsrail ilə yaşanan gərginlik barədə strateji açıqlamalar verərək, münaqişənin tam başa çatmadığını bildirib.
Alyans.media xəbər verir ki, Xatibzadə müharibənin bütün cəbhələrdə tam dayanmadan sülhün zəmanət altına alınmasının qeyri-mümkün olduğunu vurğulayıb. O qeyd edib ki, İran öz milli təhlükəsizliyi ilə risk edə bilməz, bu səbəbdən ölkə silahlı qüvvələri müxtəlif cəbhələrdə tam hazır vəziyyətdə və müdafiə mövqeyində qalmağa davam edəcək. Nazir müavininin sözlərinə görə, İslam Respublikasının əsas məqsədi “təcavüzkarı məğlubiyyətə uğratmaq” və ABŞ-ın İran daxilində hər hansı bir məqsədinə çatmasına imkan verməməkdir. Hazırkı mərhələdə əsas diqqətin müharibənin dayandırılmasına və onun köklü səbəblərinin aradan qaldırılmasına yönəldilməli olduğunu deyən Xatibzadə, İranın bu istiqamətdə həm İslamabadda keçirilən danışıqlarda, həm də ondan sonrakı proseslərdə təkliflər verdiyini xatırladıb.
Bu bəyanat regionda atəşkəs cəhdlərinin davam etdirildiyi bir vaxtda Tehranın ehtiyatlı və sərt mövqeyini qoruduğunu göstərir. Beynəlxalq müşahidəçilər hesab edirlər ki, İranın bu ritorikası həm İsrailə, həm də Vaşinqtona hər hansı yeni gərginliyə cavab verməyə hazır olduqları mesajını verir.
Hazırda diplomatik kanallar vasitəsilə gərginliyin azaldılması yolları axtarılsa da, rəsmi Tehran müdafiə sistemlərini gücləndirməkdə davam edir.










