Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin liderləri mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirak edəcəklərini təsdiqləyiblər.
Alyans.media xəbər verir ki, bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə bu gün qəbul edilmiş Türküstan Bəyannaməsində bildirilir.
Sənədə əsasən, imzalayan tərəflər süni intellekt və rəqəmsal texnologiyalar sahəsində, o cümlədən TÜRKPA vasitəsilə hüquqi bazanın uyğunlaşdırılması istiqamətində səyləri gücləndirmək barədə də razılığa gəliblər.
Liderlər 2025-ci ilin noyabrında Azərbaycanda yaradılmış Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, onun rəqəmsal innovasiyaların inkişafı, startap ekosistemlərinin dəstəklənməsi, eləcə də Azərbaycanda və daha geniş regionda rəqəmsal transformasiyanın təşviqi üçün əhəmiyyətini vurğulayıblar.
Sənəddə vurğulanır ki, mərkəzin əsas məqsədi innovasiya və sahibkarlıq potensialının gücləndirilməsi, ekosistem daxilində əməkdaşlığın inkişafı, eləcə də regionda və onun hüdudlarından kənarda rəqəmsal transformasiyanın sürətləndirilməsidir.










