Yay aylarında havaların isinməsi ilə birlikdə qida zəhərlənməsi halları da artır. Xüsusilə açıq havada satılan məhsullar, düzgün saxlanılmayan yeməklər və tez xarab olan qidalar sağlamlıq üçün ciddi risk yaradır.
Alyans.media xəbər verir ki, həkim Cavid Vaqifoğlu bu mövzuda Metbuat.az-a açıqlama verib. Mütəxəssis bildirib ki, isti havada bəzi məhsulları istifadə edərkən daha diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, yay mövsümündə ən çox rast gəlinən problemlərdən biri məhz qida təhlükəsizliyidir: “Yüksək temperatur bakteriyaların sürətlə çoxalmasına səbəb olur və bu da zəhərlənmə riskini artırır. Xüsusilə mayonezli salatlar, açıq havada satılan dönər və fast-food məhsulları, kremli şirniyyatlar, uzun müddət gün altında qalan süd məhsulları təhlükəli hesab olunur. İnsanlar yay aylarında küçədə satılan və düzgün şəraitdə saxlanılmayan qidalardan uzaq durmalıdır. Bəzi hallarda məhsulun görünüşü normal olsa belə, tərkibində təhlükəli bakteriyalar ola bilər”.
Cavid Vaqifoğlu həmçinin dəniz məhsulları və balıq istehlakı zamanı da diqqətli olmağı tövsiyə edib. Bildirib ki, soyuducu rejimində saxlanılmayan məhsullar qısa müddətdə xarab olur və bu, ciddi mədə-bağırsaq problemləri yaradır: “Yayda qazlı və həddindən artıq şəkərli içkilərin çox istifadəsi də orqanizmə mənfi təsir edir. Bu cür içkilər susuzluğu tam aradan qaldırmır, əksinə bədəndə maye balansını pozur. Vətəndaşlara daha çox ev şəraitində hazırlanmış yeməklərə üstünlük verməyi, bol su içməyi və meyvə-tərəvəzi yaxşı yumağı tövsiyə edirəm. Gigiyena qaydalarına əməl etməklə yay aylarında bir çox sağlamlıq probleminin qarşısını ala bilərik. Çox yaşamaq, ən əsası isə sağlam yaşamaq istəyiriksə, nəfsimizə hakim olmağı bacarmalıyıq”.










