AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “İraq türkmanlarının tarixi və etnologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Alyans.media xəbər verir, bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə institutun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov İraq türkmanlarının tarixi və etnoloji baxımdan tədqiqinin prioritet məsələlərdən biri olduğunu bildirib, bu istiqamətdə aparılan elmi tədqiqatların vacibliyini vurğulayıb. Direktor belə tədbirlərin Türk dünyasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə, yeni əməkdaşlıq ideyalarının ortaya çıxmasına xidmət etdiyini söyləyib.
Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Güllü Yoloğlu “İraqda türklərə aid tarixi abidələr” mövzusunda çıxış edib. Alim bu abidələrin türk mədəni irsinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.
Beynəlxalq elmi seminara İraq və Türkiyədən iştirakçılar onlayn qoşulublar. İraqdan olan yazıçı, jurnalist və tərcüməçi Mehmet Haşim Salihi “Türkmanların İraq və Orta Şərqdə olan varlığı” mövzusunda fikirlərini bölüşüb, Kərkük türklərinin vəziyyətindən, Azərbaycan və İraq əlaqələrinin perspektivlərindən danışıb.
Seminara Türkiyədən onlayn qoşulan alim Ali Semin “Türkmanların Orta Şərqdəki indiki durumu və gələcəyi” mövzusunda çıxış edib.
Tədbirdə “İraq türkmanları azərbaycanlı politoloqun gözü ilə”, “Türkman etnoniminin tarixi mənbələrdə əksi”, “Sovet dövrü İraq-türkman ədəbiyyatının folklor qaynaqları” mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb.










