Şabran rayonunda meşəlik ərazidə aşkarlanan meyitlə bağlı bəzi təfərrüatlar məlum olub. Hadisə fevralın 12-si saat 20:00 radələrində rayonun Zeyvə kəndi yaxınlığındakı meşə zolağında qeydə alınıb. Ərazidə aşkarlanan meyitin kənd sakini, 1983-cü il təvəllüdlü Nəsimi Mahmudova məxsus olduğu müəyyən edilib.
Məlumata görə, mərhum üç uşaq atası olub. O, iki dəfə ailə həyatı qurub. İlk nikahdan iki, ikinci evlilikdən isə bir övladı dünyaya gəlib. Hər iki ailə münasibəti boşanma ilə nəticələnib.
Yaxınlarının bildirdiyinə görə, son dövrlər işsiz olan kişi ciddi maddi çətinliklərlə üzləşib. Xüsusilə aliment ödənişlərini vaxtında çatdıra bilməməsi onun psixoloji durumuna mənfi təsir göstərib. Qohumlarının sözlərinə əsasən, sosial və maliyyə sıxıntıları səbəbindən özünü çıxılmaz vəziyyətdə hiss edib.
İlkin ehtimallara görə, Nəsimi Mahmudov meşəlik ərazidə özünü asaraq həyatına son qoyub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyit müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılan istintaq tədbirlərindən sonra məlum olacaq.
Sevinc Yarməmmədova










