Şəhərdə sosial yaşayış binasında fəaliyyət göstərən Hind klinikası ciddi problemlə üz-üzə qalıb. Klinikada tavanlardan su axması nəticəsində otaqlar yararsız vəziyyətə düşüb, tibbi avadanlıqlara ziyan dəyib.
Alyans.media xəbər verir ki, bu mövzunu Kanal S-də yayımlanan ‘’Çıxış yolu’’ verilişində aparıcı Nuranə Gülər işıqlandırıb. Klinika əməkdaşlarının sözlərinə görə, problem yeni deyil və artıq uzun müddətdir davam edir:
“Bu, gördüyünüz vəziyyətin ən yaxşı halıdır. Bundan da pis günlərimiz olub. Bütün mərtəbələrdə, yuxarı mərtəbədə yaşayan sakinlərin evlərindən bütün otaqlarda su axır. Hər axşam narahat yatırıq ki, görəsən bu dəfə su hansı otaqdan axacaq.”
Onların bildirdiyinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, məsələ həllini tapmayıb. Səbəbin binanın kommunikasiya sistemindən, yoxsa yuxarı mərtəbədə yaşayan sakinlərdən qaynaqlandığı dəqiq bilinmir.
“Bizə heç kim demir ki, bu su nədən yaranır. Binadandır, yoxsa yuxarı mərtəbədə kimsə yaşayır və problem ordandır – bilinmir. Gələn baxır, deyir bizlik deyil.”
Klinika rəhbərliyi bildirir ki, su sızması nəticəsində tibbi avadanlıqlar risk altındadır. Oksigen aparatları, digər tibbi cihazlar və müalicə üçün vacib alətlər su təhlükəsi ilə üzləşir. Bu isə həm maddi ziyan, həm də pasiyentlərin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.
“Pasiyentlər elə bilir ki, bu vəziyyətə özümüz səbəb olmuşuq və ya laqeyd yanaşırıq. Halbuki biz iki dəfə təmir etdirmişik. Amma problem yenidən təkrarlanır,” – deyə əməkdaşlar qeyd ediblər.
Divarlarda yaranmış köhnə ləkələr problemin uzun müddətdir davam etdiyini göstərir. İşçilərin sözlərinə görə, bu, bir-iki günün və ya bir həftənin problemi deyil:
“Buradakı ləkələr aylar əvvəlin izidir. Quruyur, bir müddət sonra başqa yerdən yenidən axmağa başlayır.”
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil. Klinikada isə ümid edirlər ki, problem tezliklə araşdırılacaq və tibbi xidmətin normal şəraitdə göstərilməsi üçün lazımi tədbirlər görüləcək.










