Tarixdə bəzən elə hadisələr baş verir ki, onlar yalnız bir dövrün deyil, bütün bəşəriyyətin yaddaşında qorxulu dərs kimi qalır. XVII əsrin sonunda ABŞ-ın indiki Salem şəhərində baş verən Salem cadugər məhkəməsi hadisələri də məhz belə faciələrdən biridir. Qorxu, xurafat və dini fanatizmin təsiri ilə yüzlərlə insan cadugərlikdə günahlandırıldı, onlardan bir çoxu isə məhkəmələrin qərarı ilə edam edildi.
Alyans.media-nın araşdırmasına görə, 1692-ci ilin əvvəlində şəhərdə qəribə hadisələr baş verməyə başladı. Yerli ruhani Sammuel Parrisin qızı və qardaşı qızı qəfil və izah olunmayan tutmalar keçirməyə başladılar. Onlar qışqırır, titrəyir və qəribə davranışlar nümayiş etdirirdilər. Dövrün həkimləri bu vəziyyəti tibbi səbəblərlə izah edə bilmədikləri üçün hadisəni “cadugərlik”lə əlaqələndirdilər. Bundan sonra qızlar bəzi qadınları cadugərlikdə ittiham etməyə başladılar və bu ittihamlar qısa müddətdə bütün bölgəyə yayıldı.
İlk günahlandırılanlardan biri qul qadın Tituba idi. Onunla yanaşı Sarah Good və Sarah Osborne da ittiham olundu. Tituba məhkəmədə təzyiq altında cadugərlik etdiyini etiraf etdiyini bildirdi və şeytanla əlaqə haqqında hekayələr danışdı. Bu etiraflar isə cəmiyyətdə qorxunu daha da artırdı və yeni ittihamların yaranmasına səbəb oldu.
Hadisələr sürətlə genişləndi və qısa müddətdə onlarla insan cadugərlikdə günahlandırıldı. Koloniya rəhbərliyi bu işlərə baxmaq üçün xüsusi məhkəmə yaratdı. Məhkəmələr zamanı çox vaxt real sübutlar yox idi. Bunun əvəzinə “spektral sübut” adlanan qəribə ifadələrdən istifadə olunurdu. İnsanlar yuxularında və ya xəyallarında kiminsə onlara zərər verdiyini iddia edir və bu ifadələr belə məhkəmədə sübut kimi qəbul edilirdi.
İlk edam edilən şəxs Bridget Bishop oldu. O, 1692-ci ilin iyun ayında cadugərlikdə günahkar bilinərək asıldı. Sonrakı aylarda daha 18 nəfər eyni şəkildə edam edildi. Digər bir qurban Giles Corey isə günahını etiraf etmədiyi üçün daşlarla əzilərək öldürüldü. Bundan əlavə bir neçə nəfər də həbsxanada xəstəlik və ağır şərait səbəbindən həyatını itirdi.
1692-ci ilin sonlarına doğru bu məhkəmələrin ədalətsizliyi getdikcə daha çox insan tərəfindən tənqid edilməyə başladı. Nəhayət, koloniyanın qubernatoru William Phips spektral sübutların istifadəsini qadağan etdi və xüsusi məhkəməni ləğv etdi. Bununla da cadugərlik məhkəmələri dayandırıldı və həbsdə olan bir çox insan azad edildi.
Sonrakı illərdə Salem hadisələri böyük səhv və ədalətsizlik kimi qəbul edildi. XVIII əsrin əvvəllərində hakimiyyət bir çox qurbanın günahsız olduğunu rəsmi şəkildə tanıdı və onların ailələrindən üzr istədi. Bu hadisə sonrakı dövrlərdə hüquq sisteminin inkişafına və sübut anlayışının daha ciddi şəkildə tətbiq olunmasına təsir göstərdi.
Bu gün Salem cadugər məhkəməsi tarixdə kütləvi isteriya və sosial qorxunun insanlara necə ağır nəticələr gətirə biləcəyinin ən məşhur nümunələrindən biri hesab olunur. Salem hadisələri göstərir ki, cəmiyyət qorxu və xurafatın təsiri altına düşdükdə ədalət və məntiq asanlıqla itə bilər. Məhz buna görə də bu hadisə əsrlər keçməsinə baxmayaraq tarixçilər və tədqiqatçılar üçün hələ də vacib bir dərs olaraq qalır.
Sevinc Yarməmmədova










