ABŞ və İsrailin İranla müharibəsi qlobal enerji bazarlarına ciddi təsir göstərərək neft qiymətlərinin son illərin ən yüksək səviyyəsinə qalxmasına səbəb olub. Münaqişənin genişlənməsi fonunda neftin bir barelinin qiyməti 2022-ci ildən sonra ilk dəfə olaraq 100 dollar həddini keçib.
Alyans.media xarici mətbuata istinadən xəbər verir ki, Yaxın Şərqdə həftəsonu baş verən hücumlar və qarşılıqlı zərbələr enerji təchizatında ciddi problemlər yarada biləcəyi ilə bağlı narahatlıqları artırıb. Tehran və onun ətrafında yerləşən ən azı beş enerji obyektinə zərbələr endirildiyi bildirilir. Şahidlərin sözlərinə görə, İran paytaxtında vəziyyət “apokaliptik mənzərələri” xatırladıb.
Bununla yanaşı, Küveytin milli neft şirkəti də ehtiyat tədbiri olaraq hasilatı azaltmaq qərarına gəlib.
Qlobal enerji ticarətinin ən mühüm marşrutlarından biri sayılan Hormuz boğazı isə artıq bir həftədir faktiki olaraq bağlanmış vəziyyətdədir. Normal şəraitdə dünya üzrə dəniz yolu ilə daşınan neft və qazın təxminən beşdə biri bu boğazdan keçir.
Bazarların açılması ilə Brent markalı neftin qiyməti 29% artaraq bir barel üçün 119,50 dollara qədər yüksəlib. Sonradan artım bir qədər azalsa da, qiymət yenə də yüksək qalaraq 108,32 dollar səviyyəsində qərarlaşıb. ABŞ-ın West Texas Intermediate (WTI) markalı nefti də 15,9% artaraq 105,35 dollara çatıb.
ABŞ prezidenti Donald Trump enerji qiymətlərindəki artımı müharibənin qısa müddətli nəticəsi kimi qiymətləndirib. O bildirib ki, İranın nüvə təhlükəsi aradan qaldırıldıqdan sonra neft qiymətləri sürətlə aşağı düşəcək.
İran tərəfi isə xəbərdarlıq edib ki, ABŞ və İsrailin hücumları davam edərsə, neftin qiyməti daha da yüksələ bilər. İran İnqilab Keşikçiləri Korpusunun nümayəndəsi bildirib ki, münaqişə davam edərsə, neftin bir barelinin qiyməti 200 dolları da keçə bilər.
Enerji bazarındakı gərginlik dünya birjalarına da mənfi təsir göstərib. Avropada əsas fond indeksləri kəskin ucuzlaşıb. Böyük Britaniyanın FTSE 100 indeksi 1,9%, Almaniyanın DAX indeksi təxminən 1%, Fransanın CAC 40 indeksi isə 0,7% geriləyib. Asiya bazarlarında isə Yaponiya və Cənubi Koreya indeksləri ciddi itkilərlə üzləşib.
Ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə müharibə uzandıqca enerji bazarlarında qeyri-sabitlik və qiymət artımı davam edə bilər.
Sevinc Yarməmmədova










